"Ukrayna Krım məsələsini qabartmaqla qarşı tərəfə psixoloji təzyiq edir".

Bu sözləri Ukraynanın ərazi bütövlüyü təmin olunana qədər müharibənin davam edəcəyini elan etməsini şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İqtisadiyyat.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, Krım əməliyyatının başlaması üçün Ukraynanın "F-16" təyyarələrinə ehtiyac var:

"Ukraynanın Krımla bağlı mövqeyi bəllidir. Ukrayna prezidenti Volodimir Zelenski və digər rəsmilər dəfələrlə bildiriblər ki, Ukrayna öz ərazi bütövlüyünü təmin edəcək və Krım azad olacaq. Yalnız bundan sonra müharibə bitə bilər. Əslində Krımın azad olunması təkcə siyasi deyil, eyni zamanda hərbi məsələdir. Krımın azad olunması əməliyyatına yalnız havadan hücum yolu ilə başlamaq olar. Lakin bu, elə də asan məsələ deyil. Çünki Krım körpüsü (Kerç körpüsü) vasitəsilə Rusiyadan Krıma daim silah-sursat daşınır. Yəni Krım yetərincə güclü formada müdafiə olunur. Bundan başqa, Krımda mülki əhali var. Hərbi əməliyyatların baş verməsi nəticəsində Krımda mülki əhalinin ölməsi Ukraynanın əlini zəiflədə bilər. Bu baxımdan Ukrayna düzgün strategiya seçməlidir. 

Bu gün Krımda baş verən partlayışlar təsadüfi deyil. Yaranan vəziyyət fonunda əhalinin çoxu şəhəri tərk etməyə başlayıb. Hətta Rusiya vətəndaşları da Krımla bağlı proseslərin gedişatından  xəbərdardırlar. Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib ki,  ötən illə müqayisədə bu il Krımda istirahət edənlər 54% azalıb. Bu baxımdan hesab edirəm ki, düzgün addımlar ataraq, Krımı azad edə bilər". 

Qeyd edək ki, Krım yarımadası 2014-cü ildə ilhaq olunub.

Gülşən Şərif