PSJ ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyən və yayda komandadan ayrılacağı dəqiq hesab edilən Kilyan Mbappenin 2024-2025 mövsümündə "Real Madrid" formasını geyinəcəyi ilə bağlı iddialara yenisi əlavə edilib. 

İqtisadiyyat.az xəbər verir ki, "Real Madrid"in keçmiş qapıçısı Pako Buyo bildirib ki, İspaniya komandasının gələn yay xərcləyəcəyi pulun böyük hissəsi Mbappeyə xərclənəcək.

Mbappenin Real Madridə transfer olunacağını və hətta forma nömrəsinin də bəlli olduğunu bildirən Buyo, artıq adını futbol tarixinin əfsanələri sırasına yazdırmağı bacaran ulduz futbolçunun 10 nömrəli formanı geyinəcəyini bildirib. Son 6 ildir "Real Madrid"də 10 nömrəli formanı Luka Modriç geyinir.

2018-ci ildə “Qızıl top”u qazanan xorvatiyalı futbolçunun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

 Digər tərəfdən, Mbappenin 10 nömrəli formanı geyinəcək olması, Kərim Benzemanın komandadan ayrıldıqdan sonra 9 nömrəli formanın hələ də boş qalması, "Real Madrid"in gələn yay başqa bir hücumçu ala biləcəyi iddialarına səbəb oldu.