Avropa Mərkəzi Bankının (AMB, ECB) rəhbəri Kristin Laqard çərşənbə axşamı Portuqaliyanın Sintra şəhərində Mərkəzi Bankın pul siyasəti ilə bağlı mühüm açıqlamalar verib.

İqtisadiyyat.az xəbər verir ki, ECB-nin pik faiz dərəcələrinə yaxın gələcəkdə çatacağını tam əminliklə söyləməyin doğru olmadığını qeyd edən Laqard, “Mövcud vəziyyətdə əhəmiyyətli bir dəyişiklik olmadıqca, iyul ayında faiz artırmağa davam edəcəyik",- deyib.

Avro zonasında inflyasiya əsas narahatlıq olaraq qalmasına baxmayaraq, bazar ertəsi açıqlanan rəqəmlər Almaniyanın biznes perspektivində gözlənilməz dərəcədə böyük bir azalmanı göstərib. Digər tərəfdən, ötən həftənin məlumatları 20 ölkədən ibarət Avrozonada aktivliyin iyun ayında demək olar ki, dayandığını göstəririb.

Avropa Mərkəzi Bankı (AMB) iyunun 15-də faiz dərəcələrini 25 bənd artıraraq 3,50 səviyyəsinə qaldırıb. Belə ki, bank yüksək inflyasiya ilə mübarizə çərçivəsində 8-ci iclasda faiz artırıb. Qərar mətnində faiz artımlarının bitmədiyi mesajını verən ECB, iqtisadi artım proqnozunu aşağı salıb, 2023-cü il üçün inflyasiya proqnozunu yüksəldib.