İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS tərəfindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün yeni sazişin hazırlanmasına eyham vurub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Jurnalistlərə açıqlama verən Netanyahu medianın İsrail və Qətər arasında girovların azad edilməsi məsələsi ilə bağlı suallarını cavablandırmaqdan yayınıb, lakin danışıqlar qrupuna göstəriş verdiyini təsdiqləyib. Baş nazir bildirib ki, İsrailin Qəzzaya hücumu noyabr ayında girovların bəzilərinin azad edilməsinə dair razılaşmanın əldə olunmasına kömək edib, buna görə də HƏMAS-a hərbi təzyiq davam edəcək: "Mənim danışıqlar qrupuna verdiyim göstərişlər bu təzyiqə əsaslanır, təzyiq etməkdən başqa yolumuz yoxdur".

Öz növbəsində, "The Times of Israel" xəbər verir ki, İsrailin fövqəladə hərbi kabineti şənbə günü axşam saatlarında girovları geri qaytarmaq üçün təklif olunan sazişi müzakirə etmək məqsədilə toplaşıb.