İsrail 2025-ci ildə Azərbaycandan buğda almağı planlaşdırır.

“Hazırda Azərbaycan ixrac üçün kifayət qədər buğda yetişdirmir. Bununla belə, ölkə taxıl istehsalının genişləndirilməsi üçün böyük layihə həyata keçirmək niyyətindədir. Layihə başa çatdıqdan sonra həm daxili istehlak, həm də ixrac üçün kifayət qədər buğda yetişdiriləcək. İsrail layihənin təşviqi məqsədilə Azərbaycanı kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla təmin edəcək. Azərbaycandan buğda alışı 2025-ci ildə mümkün olacaq”, - deyə İsrailin “Al-Monitor” nəşri yazır.

İsrailin kənd təsərrüfatı naziri Oded Fererin bir qrup mütəxəssislə birlikdə iki həftədən sonra Azərbaycana səfəri planlaşdırılıb.

“Səfər çərçivəsində əsas mövzulardan biri buğda ilə bağlı olsa da, digər məsələlər də müzakirə olunacaq. İsrail ən son texnologiyaların köməyi ilə Azərbaycanda kənd təsərrüfatının inkişafına və təşviqinə kömək etməyə hazırdır”, - deyə nəşr qeyd edir.

Hazırda Azərbaycanda ildə 3 milyon tondan çox taxıl istehsal edilir ki, bunun da əsas hissəsi yemlik buğdanın payına düşür. Azərbaycan daxili tələbatı ödəmək məqsədilə 2021-ci ildə $332 milyon məbləğində 1,1 milyon tondan çox buğda idxal edib. İdxalın 95%-i RF-dən həyata keçirilib.

Azərbaycan hökuməti buğda istehsalını artırmaq üçün bir sıra layihələr həyata keçirməyi planlaşdırır.