"İran həmişə qonşuları ilə sərhəd və dəniz məsələlərinin sülh yolu ilə həllini dəstəkləyir".

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri Durra (Araş) qaz yatağı ilə bağlı problemə toxunan İranın neft naziri Cavad Ovci deyib.

Nazir qeyd edib ki, İran və Küveyt arasında illərdir münaqişəyə səbəb olan Fars körfəzindəki Durra qaz yatağına dair hüquqlarının pozulmasına daha dözməyəcəklər:

"Əgər qarşılıqlı anlaşma və əməkdaşlıq istəyi olmazsa, İran öz proqramına sözügedən mənbələrin istismarı və kəşfiyyatını daxil edəcək. Rəsmi Tehran hüquq və mənafelərinin heç bir halda pozulmasına dözməyəcək".

Qeyd edək ki, İran Durra qaz yatağını Araş qaz yatağı adlandırır. Fars körfəzində yerləşən və 1967-ci ildə kəşf edilən Ərəş/Durra Qaz Yatağı illərdir İran və Küveyt arasında problemlər yaradır. Qaz yatağının İran tərəfdəki hissəsi "Araş" , Küveyt tərəfindəki hissəsi isə "Durra" adlanır. Səudiyyə Ərəbistanı və Küveyt 2022-ci ilin martında Durra qaz yatağının işlənməsinə dair saziş imzalayıb. İran isə sözügedən razılaşmanın qanunsuz olduğunu əsas gətirərək, bölgədə qazma işlərinə başlayacağını bəyan edib.

Gülşən Şərif

İqtisadiyyat.az