“2009-cu ildə “Təhsil haqqında” qanun qəbul edilib və ilk dəfə olaraq həmin qanunda subbakalavr anlayışı öz əksini tapıb. Yeni qaydalardan da belə məlum olur ki, “Təhsil haqqında” qanun qəbul edildikdən sonra kollecləri bitirən və təhsil haqqında sənədində subbakalavr peşə ixtisas dərəcəsi yazılan məzunlar imtahan vermədən ali təhsil müəssisələrinə qəbul hüququndan istifadə edə biləcəklər”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

O bildirib ki, yeni qaydalar istisnasız olaraq ölkədə fəaliyyət göstərən bütün kolleclərin məzunlarına şamil olunacaq.

F. Qədirovun sözlərinə görə, imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən kollec məzunları istər ödənişli, istərsə də ödənişsiz əsaslarla təhsil almaq imkanı əldə edəcəklər: “Bu, onların seçdiyi ixtisasdanvə həmin ixtisas üçün müəyyənləşdirilmiş müsabiqə balından asılı olacaq. Qəbul planında kollec məzunlarının seçdiyi ixtisas üzrə təhsil hansı formada nəzərdə tutulubsa, onlar həmin formada da təhsil alacaqlar. Bu, əyani və yaqiyabi formada da ola bilər".

Nazirlik rəsmisi qeyd edib ki, bu hüquqdan istifadə edən məzunlar üçün onların seçdiyi hər bir ixtisas üzrə müsabiqə balı müəyyən ediləcək və həmin bal əsasında onlar yerləşdirmə prosesində iştirak edəcəklər: “Əgər, onlar yüksək bal tələb edən ixtisaslara qəbul olunmaq istəyirlərsə, bu zaman ümumi qaydada ali məktəblərə qəbul üzrə müsabiqədə iştirak etməlidirlər. Çünki onlar üçün müəyyənləşdirilmiş minimum keçid balı, yüksək bal tələb edən ixtisasları tutmaq üçün kifayət etməyəcək”.

Xatırladaq ki, yeni qaydalara əsasən, kollec məzunları ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.