Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Samih Şükri ilə görüşüb. Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri zamanı imzalanan birgə bəyannaməyə uyğun olaraq münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində atılacaq addımlar müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə diplomatik mənbələrinə istinadən "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı üçün olduğu Braziliyanın Rio-de-Janeyro şəhərində misirli həmkarı Şükri ilə görüşüb.

Görüşdə prezident Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri zamanı imzalanan birgə bəyannaməyə uyğun olaraq münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində atılacaq addımlar müzakirə edilib.

Qəzzadakı vəziyyətlə bağlı siyasi arenada görüləcək işlər və daha çox humanitar yardımın çatdırılması üçün görüləcək tədbirlər müzakirə edilən görüşdə regional məsələlər və Liviyadakı proseslər də gündəmə gətirilib.

Şükrinin martın 1-3-də keçiriləcək Antalya Diplomatik Forumunda və İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqası Təmas Qrupu üzvlərinin iştirakı ilə keçiriləcək Qəzza Panelində də iştirakı gözlənilir.