Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün ayrılmış 40 hektar torpaq sahəsində yeni tikinti işlərinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi tender elan edib.

Tenderdə ərazidə infrastrukturun yaradılması üzrə elektrik və tikinti işlərinin həyata keçirilməsi öz əksini tapıb.

Nazirlik elektrik işlərinin 7 235 350 manata, tikinti işlərinin isə 9 868 101 manata başa gələcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, Hacıqabul Sənaye Parkı Prezident İlham Əliyevin bu ilin iyun ayında imzaladığı fərmanla Hacıqabul Sənaye Məhəlləsinin əsasında yaradılıb.