"İşğal müddətində yaşayış məntəqələrimizin, yollarımızın və infrastruktur obyektlərinin tamamilə dağıdılması, ərazilərə 1 milyondan çox mina basdırılması azad olunmuş bölgələrin məskunlaşdırılmasını ləngidir".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O söyləyib ki, buna baxmayaraq Qarabağ və Şərqi Zəngəzur rayonlarında genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır, yol, elektrik, təbii qaz infrastrukturları müasir standartlara uyğun olaraq yenidən qurulur:

"2020-ci ilin Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə başa çatdı. 2023-cü ildə ordumuz tərəfindən həyata keçirilən bir günlük anti-terror əməliyyatı nəticəsində isə bütün torpaqlarımız üzərində Azərbaycanın suverenliyi bərpa edildi. 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış soydaşlarımız artıq öz doğma yurdlarına qayıtmağa başlayıblar. Bu il Xankəndidə Qarabağ Universitetinin açılması bölgədə həyatın canlanmasına böyük töhfədir. Növbəti 2 il ərzində artıq 100 mindən çox soydaşımız yenidən azad olunmuş ərazilərdə yaşamağa başlayacaqlar. Böyük Qayıdış layihəsi uğurla həyata keçirilir. Minalardan təmizlənmiş ərazilərdə iri miyaslı sənaye və kənd təsərrüfatı müəssisələri yaradılır ki, bu da doğma yerlərinə qayıdan əhalinin əmək məşğulluğu təmin etmək üçün zəruri layihələrdir".

Milli Məclisin deputatı vurğulayıb ki, azad olunmuş ərazilərin dirçəldilməsi, orada yeni istehsal müəssisələrinin açılması və münbit torpaqların iqtisadi dövriyyəyə cəlb ediməsi bütövlükdə ölkədə iş yerlərinin artırılmasına və ümumi daxili məhsul istehsalının artımına xidmət edəcək:

"Bu da əhalinin sosial rifah vəziyyətinin yaxşılaşdırılmasında özünü göstərəcək. Bütün bu işlər bilavasitə ölkə başçısı Prezident İlham Əliyevin şəxsi nəzarəti altında doğma vətənə sevgi və məhəbbətlə həyata keçirilir. Azərbaycan dövlətinin həmişə olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur bölgələrinə yeni həyatın qaytarılmasında da dünyanı təəccübləndirə biləcək uğurlar qazanacağına heç bir şübhə yoxdur".

 

Sadiq Cavadov