Qubadlı Rayon Mərkəzi Xəstəxanasının birinci mərhələ üzrə tikintisi üçün sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, vəsaitin məbləği Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyətinin bununla bağlı elan etdiyi tenderdə öz əksini tapıb.

Qeyd edilib ki, 91 çarpayılıq tibb müəssisəsinin birinci mərhələdə tikintisinə 8 000 000 manat vəsaitin sərf olunacağı proqnozlaşdırıb.

Qeyd edək ki, 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.

Müalicə ocağı ən müasir tələblərə cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, angioqrafiya və digər cihazlarla təchiz ediləcək.