"Bakı Şampan Şərabları" ASC Mərkəzi Bankının fəaliyyətinə mane olduğu üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinə mane olma, Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, Mərkəzi Bankının fəaliyyətinə mane olmaya görə vəzifəli şəxslər 500  manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, 2002-ci ildə dövlət qeydiyyatına alınan ASC-nin nizamnamə kapitalı 4 194 072 manat, qanuni təmsilçisi Hüseynova Arzu Əlihüseyn qızıdır. “Bakı Şampan Şərabları” zavodu isə 1980-ci ildə yaradılıb, şampan şərablarının və araq-çaxır məmulatlarının istehsalı üzrə ən iri müəssisələrdən biri olub.