İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib.

İqtisadiyyat.az quruma istinadən xəbər verir ki, iclasda Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistanın vergi orqanlarının rəhbərləri iştirak ediblər.

“Ödənişin şəffaflığının artırılması və ƏDV-nin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə ƏDV-nin inzibatçılığı üzrə rəqəmsal həllərin tətbiqi” adlı tədbirdə O.Nəzərli bildirib ki, Koordinasiya Şurası vergi orqanlarının işinin səmərəli təşkili, qlobal çağırışların həllində rolunun müəyyən edilməsi və beynəlxalq tərəfdaşlarla birgə fəaliyyətin təşviqi üçün mühüm platformadır. O, Azərbaycanda beynəlxalq biznes mühitində baş verən proseslərin yaxından izlənildiyini və qabaqcıl təcrübələrin uğurla tətbiq edildiyini diqqətə çatdırıb, qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir və bunu şərtləndirən əsas səbəblərdən biri rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. O.Nəzərli vurğulayıb ki, rəqəmsal transformasiyanın fəal iştirakçısı olaraq ölkəmizin vergi sistemi bu sahədə müxtəlif layihələr həyata keçirir və təcrübə mübadiləsinə töhfələr verməyə hazırdır.

Daha sonra Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinin şöbə rəisi Telman Məmmədov təqdimatla çıxış edərək ölkəmizdə ƏDV-nin səmərəli tətbiqi mexanizmlərinin iş prinsipləri, həyata keçirilən müasir tənzimləmələr, ƏDV-nin geri qaytarılması layihəsi, ƏDV depozit hesabı və bu sahədə istifadə edilən stimullaşdırıcı alətlər barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübələri müzakirə ediblər. Tədbir çərçivəsində 2024-2025-ci illər üçün MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının İş Planının layihəsi təsdiq olunub.