Dövlət Gömrük Komitəsi (DGK) Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Az-Kom Servis” MMC-yə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət malların emal edilməsi qaydasını pozmasına görə ittiham olunur.

Belə ki, DGK “Az-Kom Servis” barəsində İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və iş hakim Zaur Hacıyevin icraatına verilib.

Protokol tərtib olunan maddədə deyilir ki, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Az-Kom Servis” 2011-ci ildə yaradılıb. Şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində tullantı yağının təkrar emalı ilə məşğuldur.