Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiya ilə münaqişənin həllini qarşıdakı illərdəki ən vacib prioritetlərindən biri kimi göstərib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, o, bu fikri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının seçkiqabağı proqramını təqdim edərkən səsləndirib.

Kobaxidzenin sözlərinə görə, praqmatik siyasət və Rusiya ilə münaqişənin dinc yolla həlli Gürcüstanın əsas prioritetlərindən biridir.

Baş nazir həmçinin NATO ilə əlaqələrin dərinləşdirilməsini və Çin ilə strateji tərəfdaşlığı prioritetlər kimi göstərib. O, həmçinin qonşu Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb.

Bundan əvvəl İrakli Kobaxidze 2014-cü ildə Ukraynada baş vermiş və "Maydan" adlandırılan dövlət çevrilişinin ölkəni məhv etdiyini bildirmişdi. O vurğulamışdı ki, Gürcüstan hakimiyyəti ölkədə "Maydan" və "ukraynalaşma"nın qarşısını almaq üçün əlindən gələni edəcək.