“Elektron Pul Təşkilatları hüquqi və fiziki şəxslərə ödəniş hesabları açıb xidmət göstərə biləcəklər”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Türkiyə-Azərbaycan Fintech Forumu 2023” tədbirində çıxış edən "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev deyib. 

O bildirib ki, fintex banklar üçün yeni sahə olsa da, maraq yüksək səviyyədədir: 

“Son dövrlər maliyyə bazarlarının inkişaf etdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi məqsədilə ölkə başçısının rəhbərliyi altında bir sıra islahatlar həyata keçirilir. Belə ki, bu il prezident İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanunu təsdiqləyib. Yeni qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Hesab edirəm ki, bu qanun rəqəmsal ödəniş ekosisteminin gələcək inkişafına və rəqabət qabiliyyətinin artmasına töhfə verəcək. Dünyada inflyasiya proseslərinin davam etməsi kreditləşməyə tələbin artmasına səbəb olub. Bu isə fintex şirkətlərinin, kreditləşmənin və digər ödənişlərin şəffaflığının artırılmasını zəruri edir”. 

 

Gülşən Şərif