Azərbaycan istehsalı olan 15,5 ton pomidorun Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməyib. Bu barədə qərarı Rusiyanın Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti verib. Məlumata görə, Federal Xidmətin əməkdaşları pomidorlarda Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edib.

“Belə ki, bu pomidor yükü ilə bağlı protokol tərtib edilib və Azərbaycana geri göndərilib. Pomidor güvəsi idxal edildiyi təqdirdə, 50%-dən 100%-dək məhsulu məhv edə bilərdi” - məlumatda deyilir.

Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi preparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.

Qeyd edək ki, bir neçə dəfə də xarici ölkələrə ixrac olunan yararsız hesab edilən fındıq  və fındıq ləpəsi Azərbaycana geri qaytarılıb. Ancaq bu məhsulların ölkəmizə gətirildikdən sonra yararsız məhsul kimi məhv edilməsi ilə bağlı informasiya daxil olmayıb.

Bəs görəsən bu durum necə tənzimlənməlidir? Həmin məhsullar daxili bazara yönəldilməklə istehlakçıların səhhətinə zərər vururmu?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, 22 ildir istehlakçıların hüquqlarını qoruyur, lakin cəmi 2 dəfə yararsız və zərərli məhsulların yandırılmasında iştirak edə bilib: “Bu da çox çətinliklə baş tutub. Dəfələrlə demişəm, satışdan çıxarılan yararsız malları məhv edəndə kütləvi informasiya vasitələrinin gözü önündə edilsin ki, şəffaflıq olsun. Şəffaflıq yoxdur, bu vaxta qanunvericilik elə qurulub ki, zərərli malları satışdan çıxarırlar. Ancaq qaytarıb onu satanlara verirlər. O da gedib saxta sənəd gətirir ki, guya həmin malın hamısı məhv edildi. Bununla da məsələ bağlanır. Vaxtı keçmiş, təhlükəli malların son ünvanı yenə Azərbaycan istehlakçılarıdır. Qida Təhlükəsizliyi Agentliyinin qarşısında çox ciddi məsələlər qoyulub. Azərbaycan mallarının xaricə ixracı məsələsi də bunlardan biridir, lakin uzun illərdir ki, Azərbaycanın 3-4 malı xaricə ixrac oluna bilir. Bunlar kürü, balıq məhsulları və fındıq-qoz ləpəsidir. Qalan mallar Avropa bazarına çıxarıla bilmir”.

Ekspertin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin qarşısında  məqsəd qoyulub ki, bu hədəflərə çatmalıdır:“Buna çatmaq üçün o gərək ictimaiyyətlə, kənd təsərrüfatı işçiləri ilə yaxşı iş aparsınlar. Kənd təsərrüfatı işçilərinin yanında olsunlar, onlara kömək etsinlər. Bu yaxınlarda Azad İstehlakçılar Birliyinin işçiləri ilə mən təzə çıxan soğan, kartof və digər məhsulların yoxlamasını apardıq və gördük ki, nitritlərin miqdarı normadan iki dəfə artıqdır. Daxili bazarda artıq bazara çıxarılan mallar bu vəziyyətdədir. Ona  görə də Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir. Burada qeyri-şəffaflıq var, Azərbaycan istehlakçılarının həyatını da böyük təhlükə qarşısında qoyur, öz mənfi izlərini qoyur. Bunun nəticəsini biz apteklərdə böyük növbələrin yaranması və insanların iynə-dərmana möhtac qalması şəklində görürük. Çünki bu prosesin düzgün aparılmamasının qurbanları insanlarımızdır”.

E.Hüseynov bildirdi ki, şəffaflığın təmin edilməsi üçün bu işdə ictimai təşkilatlar da iştirak etməlidir: “Qida Təhlükəsizliyi agentliyi elə bir rasional iş aparmalıdır ki, qarşıya qoyulan məqsədləri həll edə bilsin. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə rasional iş apara bilmir. Şəffaflığın təmin olunması üçün orada ictimai təşkilatların təmsil olunması da şərtdir. Bununla bağlı baş nazirin müavini Əli Əhmədova da müraciət etmişəm. Lakin ictimaiyyətlə yaxınlaşma vəziyyəti sıfırdır. Biz çalışırıq ki, Qida Təhlükəsizliyi Agentliyinə dəstək verək, çünki vətəndaşlar tərəfindən bu iş dəstəklənməsə, nəticə olmayacaq. Təəssüf ki, sərhəddən qaytarılan bu cür zərərli məhsulları ilk baxışdan vətəndaşın tanıması mümkün deyil. Buna görə də, ekspertiza aparılmalı və həmin məhsullar satışdan çıxarılmalıdır. Azad İstehlakçılar Birliyi ekspertiza aparır. Qida Təhlükəsizliyi Agentliyi də ekspertiza aparmalı və yararsız məhsulları ictimaiyyətə açıq şəkildə məhv etməlidirlər”.