Məlum olduğu kimi, Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq 1993-cü ildən sonra Ermənistan-Türkiyə sərhəddi ilk dəfə açıldı. Məsələ ətrafında kifayət qədər fikilər səsləndirilir, narahatlıqlar dilə gətirilir. Bəs, bu proses hansısa ciddi dəyişikliklərə səbəb ola bilərmi? Bunun Azərbaycan üçün təsirləri olacaqmı?

İqtisadiyyat.az bununla bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikirlərini öyrənib. Deputat qeyd edib ki, bundan sonra hər üç ölkə arasında münasibətlərin normallaşması üçün şərait yaranıb: 

"Bildiyimiz kimi, sərhədlərin açılması zəlzələ ilə bağlıdır. Düşünürəm ki, bu gün Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün imkan var. Bu daha çox Ermənistandan asılıdır. Azərbaycan da bununla bağlı mövqeyini bildirib ki, əgər Ermənistan bu məsələlərə kontruktiv yanaşarsa, Azərbaycan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına müsbət baxacaq. 

Bu gün bölgədə və dünyada baş verən proseslər bizdən tələb edir ki, biz bölgədəki təhlükəsizlik naminə münasibətlərimizi normallaşdıraq, inkişaf etdirək. Bu gün biz istəyirik ki, bölgəyə sülh gəlsin. Bu baxımdan düşünürəm ki, sərhədlərin açılması gələcəkdə münasibətlərin yaxşılaşmasına öz töhfəsini verəcək. Əgər Ermənistan konstruktiv davransa, düşmənçilik aparmasa, sərhədlərin açılması və əməkdaşlıq mümkündür". 

 

 

Məsələ ilə bağlı saytımıza danışan politoloq Samir Hümbətov bildirib ki, sərhədlərin açılması iki ölkə arasında yeni danışıqlar mərhələsinin başlanmasına səbəb ola bilər:

"30 ildən sonra Ermənistan-Türkiyə sərhədinin açılması humanitar yardım səbəbindən baş verdi, Ermənistanda belə bir fəlakət baş versəydi, Türkiyə də bunu edəcəkdi. Amma bu o demək deyil ki, sərhədlər tam olaraq açıldı və hər şey həll oldu. Türkiyənin Ermənistandan müəyyən tələbləri var. Tələblər budur ki, Ermənistan Azərbaycanda danışıqlar masasına oturmalıdır. Azərbaycanla sülhə nail olsalar, Türkiyə ilə də avtomatik olaraq sülhə gəlmiş olurlar. Şübhə yoxdur ki, Azərbaycanın da burada kifayət qədər rolu var.  Düşünürəm ki, bu proses müəyyən mənada siqnal rolu oynaya bilər. Ermənistanla Azərbaycan arasında yeni bir danışıqlar başlaya bilər və Türkiyənin də buna qatqısı olar.

 

 

Hələki Türkiyə hökümətinin, eləcə Azərbaycanın da başı zəlzələ fəlakətinə qarışıb. Hesab edirəm ki, növbəti dövrlərdə bu proses həyata keçirilə bilər. Hər halda dəyişiklik ehtimalı var və bunun hansı formada olacağı danışıqlardan asılıdır. Növbəti danışıqlar masasının Ankarada qurulması ehtimalı da var. Ümumən hesab edirəm ki, yaxın zamanlarda nəticə əldə ediləcək addımların atılması mümkündür".

Cavidan Mirzəzadə / İqtisadiyyat.az