Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, Ermənistan Türkiyə ilə sərhədinin açılmasına hazırdır. Lakin bir nüans var ki, birbaşa Ermənistan Konstitusiyasında olmasa da, rəsmi İrəvanın İstiqlaliyyət Bəyannaməsində qonşu ölkəyə ərazi iddiası irəli sürülüb. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul edilən İstiqlaliyyət Bəyannaməsində bildirilir ki, Türkiyə Respublikasının 6 şərq əyaləti – Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas “Qərbi Ermənistan” ərazisidir. Maraqlıdır ki, Ermənistan-Türkiyə sərhədi açılandan sonra rəsmi İrəvan bu iddiasını qabarda bilərmi?

Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, Ermənistanın Türkiyə torpaqlarına iddiası yeni deyil.

Onun sözlərinə görə, lakin Türkiyə bu cür iddiaları qeyri-ciddi qəbul edir. 

"İndiki vəziyyətdə Ermənistan-Türkiyə sərhədlərinin bağlı olması Azərbaycanın Qarabağ ərazilərinin işğalı ilə əlaqədar idi. Bu gün işğal faktı aradan qaldırılsa da, hələ də həll olunmamış məsələlər var. Qarabağ problemi birtərəfli qaydada Azərbaycan tərəfindən həll olunub. Buna baxmayaraq, işğal altında olan 8 kənd məsələsi, sərhədlərin delimitasiyası prosesi və Zəngəzur dəhlizi kimi yeni kommunikasiya sistemlərinin açılması istiqamətləri üzrə ciddi problemlər mövcuddur. Bu problemlər Türkiyənin marağında olan məsələlərdir. Ermənistan bu problemin həllini dəstəkləməsə, Türkiyə ilə sərhədlərin açılması gözlənilmir", - deyə politoloq qeyd edib.  

Natiq Miri hesab edir ki, Ermənistan dünyaya, dənizə və Avropaya çıxışının təmin olunması üçün proseslərə ədalətli yanaşmalıdır. Əks halda, Ermənistan düşmənçilik etməklə, bu günə qədər heç nə əldə etməyib:

"Gələcəkdə Türkiyə ilə Ermənistan arasında normal diplomatik münasibətlər qurularsa, sözügedən İstiqlaliyyət Bəyannaməsinin tamamilə dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. Çünki Ermənistanın iddiası zaman-zaman bu ölkənin baş naziri Nikol Paşinyan tərəfindən dilə gətirilib. Paşinyan bu Bəyannamənin və Konstitusiyanın Ermənistanın regional ölkələrlə münasibətində ciddi problemlər yaratdığını dəfələrlə vurğulayıb. Ermənistan rəhbərliyi anlayır ki, bu cür ərazi iddialarla regionda uzun müddət qalmaq mümkün deyil. Rəsmi İrəvan regionun əsas həlledici ölkələri olan Azərbaycan və Türkiyə ilə problemlərini həll etməsə, onun gələcək həyatı sual altında olacaq".  

 

Gülşən Şərif