Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparıb və onlar Qəzzadakı vəziyyəti və regionda sülhün təmin edilməsi üçün atılması lazım olan addımları müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

"Danışıqlar zamanı İsrail və Fələstin arasında yaşanan qarşıdurma ilə bağlı bölgədəki vəziyyət və sakitliyin təmin edilməsi üçün atılması lazım olan addımlar müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin davamlı sülhün təmin edilməsi ilə bağlı təkliflərini bölüşərək, heç bir tərəfin qarşıdurmaya ehtiyacı olmadığını bildirib. Prezident Ərdoğan vurğulayıb ki, humanitar yardımın göstərilməsi məsələsində hər kəs insan hüquqlarına hörmət çərçivəsində konkret addımlar atmalıdır", - məlumatda deyilir.

Bundan əvvəl Ərdoğan Qəzzada nizamlanma məsələsi ilə bağlı 15 xarici ölkə lideri ilə telefon danışığı aparıb.