Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefonla danışıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, görüşdə Qəzza başda olmaqla İsrailin Fələstin ərazilərinə hücumları, Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə Qəzzada baş verən insani faciənin bir an əvvəl dayandırılmasının vacibliyini, ABŞ-nin İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsinin atəşkəsi tez bir zamanda təmin edə biləcəyini bildirib.

O bildirib ki, bölgədə ən qısa zamanda daimi atəşkəsin təmin edilməsi ABŞ-nin tarixi məsuliyyətidir.

Prezident Ərdoğan İsrailin hücumlarının dərinləşməsinin və uzanmasının mənfi regional və qlobal nəticələrə səbəb ola biləcəyini, Türkiyənin təklif etdiyi qarant mexanizminin yaradılmasının, verdiyi vədlərə əməl edilməsinin, 1967-ci il sərhədlərinə əsaslanan müstəqil, suveren, paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin qurulmasının və onun ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini bildirib, bunun ən məqbul və qalıcı bir həll olduğunu ifadə edib.

Prezident Ərdoğanla Bayden arasında keçirilən görüşdə F-16 məsələsi də müzakirə edilib.