Havalar isindikcə dondurma satışı da yüksələn xətlə inkişaf edir. Amma uşaqlı-böyüklü hər kəsin sevimli yay ləzzətinə çevrilən dondurmalar bəzən təhlükə mənbəyi ola bilər. Söhbət alıcıları gözləyən potensial qida zəhərlənməsindən gedir. Bu hansı halda baş verə bilər?

 

 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran qida mütəxəssisi Ağa Salamov dondurmaların tərkibinə diqqət çəkib:

“Bütün ağartı məhsulları kimi süd də riskli qidalar qrupuna daxildir. Dondurmanın da istehsalında bildiyiniz kimi süddən istifadə olunur. Buna görə də məhsulun düzgün şərtlər altında istehsal olunması vacibdir. Bu şərtlərdən birincisi odur ki, dəzgahlar və avadanlıqlar təmiz olmalı, xüsusilə hər istehsaldan sonra təmizlənməlidir ki, səhəri gün istehsal olunan dondurma çarpaz çirklənmə nəticəsində mikrobioloji çirklənməyə məruz qalmasın. Bu təmizlik məsələsinə ciddi yanaşılmadıqda, qida zəhərlənmələri baş verə bilər”.

A.Salamov məhsulun daşınma şərtlərinin də vacib olduğunu diqqətə çatdırıb:

“Həm saxlanma, həm də daşınma çox önəmlidir. Məhsulun soyuq qida zəncirində daşınması şərtdir. İstehsaldan sonra marketlərə, orada isə dərin donduruculara daşınarkən mütləq soyuq qida zənciri təmin edilməlidir. Bəzən məhsul qalır çöldə biraz əriyir, təzədən donur. Burada artıq qida zəhərlənməsi ehtimalı artır”. 

Qida mütəxəssisi bu mövzuda alıcıların da məsuliyyətini qeyd edib:

"Bəzən marketlərdə müştəri səhlənkarlığı ucbatından dondurucuların qapağı açıq qalır. İsti hava kütləsinin soyuducuya daxil olması nəticəsində məhsulun buzu açılır, sonra yenidən donur. Ümumiyyətlə alıcılar diqqət etməlidirlər ki, deformasiyaya uğramış qablaşdrma olmasın. Riskli məhsulların buzu açılıb yenidən donursa, qida zəhərlənməsi baş verə bilər”.

 

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə məhsulun istehsalı zamanı yağ faktorundan söz açıb:

“Dondurmaların istehsalı zamanı tam kərə yağından istifadə olunur. Lakin bəzi hallarda standartlar və texniki şərtlər daxilində bitki yağından da istifadə oluna bilər. Bu bitki yağları içərisində kokos yağı üstünlük təşkil edir. Lakin istehlakçıların verdiyi məlumata görə, bəzi dondurmalar, xüsusilə plombirlər damaqda, boğazda acılıq verir. Bu o deməkdir ki, o məhsulun istehsalında vaxtı keçmiş kərə və ya bitki yağından istifadə edilib”. 

Bəs dondurmaların istifadə müddəti nə qədər olur və ya olmalıdır?

E.Hüseynovun fikrincə, alıcılar bu məqama da diqqət etməlidir:

“Ümumiyyətlə dondurmalar mənfi 18 dərəcə temperaturda 10 ay müddətində qala bilər. Lakin biz xarici ölkələrdən gətirilən dondurmalara diqqət etsək, görərik ki, onların üzərində 1 il, il yarım yararlılıq müddəti yazılır. Əlbəttə belə məhsullar bizim qurum tərəfindən arzuolunmaz dondurmalar hesab olunur”. 

Qurum sədri idxal edilən dondurmaların digər çatışmazlığına da diqqət çəkib: “Onlar yolda olarkən temperatur riskinə məruz qala bilərlər. Yəni haradasa avtomobillərlə daşınma zamanı soyuducular sıradan çıxa bilər, yaxud müvəqqəti dayana bilər, məhsul əriyər, onu yeni dondura bilərlər. Əgər bu cür hallar baş verərsə, belə dondurmalar keyfiyyətsiz hesab olunur. Belə dondurmaları bükülüşündən də tanımaq olur”.

 


 
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, AQTA həm idxal olunan, həm də ölkədə istehsal edilən qida məhsulları üzərində risk əsaslı yanaşma tətbiq etməklə, yoxlamalar həyata keçirir. Həmçinin, dondurma məhsulları mütəmadi olaraq yoxlanılır, nümunələr laborator analizlərə cəlb edilir. Nəticələrə əsasən, müvafiq məhdudlaşdırırıcı və digər qərarlar verilir. Qurum istehlakçıları dondurma seçərkən məhsulun üzərində etiket məlumatlarına, saxlama şəraitinə, qablaşdırılmasının pozulub-pozulmasına diqqət etməyə çağırıb. Vətəndaşlar qida məhsulları ilə bağlı rastlaşdıqları uyğunsuzluqlarla əlaqədar Agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vuraraq məlumat verə bilərlər.