"Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistan Baş nazirinin aparatı arasında mövcud kanallardan istifadə etməklə hərbçilərin qarşılıqlı buraxılması ilə bağlı razılaşmanın əldə olunması tarixi hadisədir".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün əldə olunan razılıq bundan sonra da ölkələrimiz arası münasibətlərin formalaşdırılması isttiqamətində ancaq birbaşa danışıqların daha effektli olacağını bir daha sübut edir:

"Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan birbaşa danışıqların aparılması ölkələrimiz arası münasibətlərin formalaşmasında yeni bir səhifənin başlanğıcıdır. Qeyd edim ki, əldə olunan razılaşma ilə bağlı təşəbbüs Prezident İlham Əliyevə məxsusdur. Bu, onu göstərir ki, Cənab Prezident İlham Əliyev Azərbaycanın hər bir vətəndaşının Prezidentidir. Əldə olunan razılaşma hər bir əsgərimizin həyatının dövlət başçımız üçün nə qədər vacib olduğunu göstərir".

A.Badamov xatırladıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib: "İndi qonşuluq, əməkdaşlıq münasibətlərinin formalaşdırılması və sülhə aparan yolun tezləşdirilməsi zamanıdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.


Gülşən Şərif