Çində COVID-19 siyasəti istiqamətində dəyişikliyin yeni əlaməti olaraq beynəlxalq səyahət məhdudiyyətlərinin qaldırılmasının elan edilməsi ilə internetdə səyahət platformalarında uçuş biletləri axtarışında artım müşahidə olunub.

İqtisadiyyat.az xəbər verir ki, elandan sonra Çində ən çox istifadə edilən onlayn səyahət platformalarından biri olan Qunar.com-da beynəlxalq uçuşlar üçün bilet axtarışları 15 dəqiqə ərzində 7 dəfə artıb. Saytda axtarış üçün ən populyar istiqamətlər Tayland, Yaponiya və Cənubi Koreya olub.

Trip.com səyahət platformasında beynəlxalq səfərlər üçün bilet və otel axtaranların sayı ilk yarım saatda 10 dəfə artıb. Saytda axtarış rəqəmləri son 3 ilin ən yüksək səviyyəsinə çatıb.

Alibaba-nın səyahət xidmətləri platforması Fliggy-də beynəlxalq uçuş axtarışları da 8 dəfə artıb, xaricdən Çinə uçuş axtarışları isə son 3 ilin ən yüksək səviyyəsinə çatıb.

Milli Səhiyyə Komissiyası dünən, COVID-19-un 8 yanvar 2023-cü il tarixindən etibarən "A kateqoriyalı epidemik xəstəlik" kimi qəbul edilməyəcəyini və bu istiqamətdə tətbiq edilən karantin tədbirlərinin Sərhəd Sağlamlığı və Karantin Qanununa uyğun olaraq ləğv ediləcəyini açıqlayıb.

Bildirilir ki, xaricdən gələn sərnişinlər səyahət etməzdən əvvəl Çin səfirlik və konsulluqlarından sağlamlıq kodu almağa məcbur olmayacaqlar və gəlişlərində müsbət olsalar belə, mərkəzi karantində saxlanılmayacaqlar.

Məhdudiyyət səbəbindən Çində beynəlxalq uçuşların sayı hələ də pandemiyadan əvvəlki səviyyənin 8 faizinə qədər azalıb.