Çin səlahiyyətliləri ABŞ-ni Tayvan məsələsindən Çini cilovlamaq üçün bir vasitə kimi istifadə etmək cəhdlərinə qarşı xəbərdarlıq edir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-ın müxbirinə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu Amerika qanunvericilərindən ibarət nümayəndə heyətinin adaya səfərini şərh edərkən bildirib.

"Biz Birləşmiş Ştatları Tayvan məsələsinin həddindən artıq mürəkkəbliyini və həssaslığını aydın şəkildə başa düşməyə, "vahid Çin" prinsipinə və Çin və ABŞ arasında üç birgə kommünikeyə vicdanla riayət etməyə, götürülmüş öhdəliklərə uyğun olaraq ciddi şəkildə hərəkət etməyə çağırırıq", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Çin ABŞ-nin istənilən formada rəsmi səviyyədə Tayvanla qarşılıqlı əlaqədə olmasına və Tayvanla bağlı məsələlərə hər hansı şəkildə və hər hansı bəhanə ilə qarışmasına qətiyyətlə qarşı çıxır: "Birləşmiş Ştatlar Tayvanla bağlı məsələlərə son dərəcə ehtiyatlı yanaşmalı və heç bir şəkildə "vahid Çin" prinsipini ört-basdır etməməli və ya Tayvanın müstəqilliyini dəstəkləyən separatçı qüvvələrə yanlış siqnallar göndərməməlidir".