Bu gün Cəlilabad rayonunun Buravar kəndində fərdi yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsinin səbəbi məlum olub

İqtisadiyyat.az yanğınla bağlı bəzi təfərrüatları əldə edib. 

Belə ki, araşdırmalarla məlum olub ki, yanğına fərdi yaşayış evində otaqlardan birində enerjiyə qoşulan telefonun anidən partlaması səbəb olub.

Enerjiyə qoşulu olan telefonun yükləyicisində (adapter) qısaqapanma yaranıb və bu zaman cihaz alışıb. Nəticədə yanğın otaqdakı parça əşyalara keçib. 

Həmin evdə yaşayan 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı, 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanğını söndürməyə çalışarkən xəsarət alıblar.

Hər iki qardaş əl, üz, boyun və baş nahiyəsindən yanıq xəsarətləri diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.