Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artım proqnozunu bu il üçün 2,8 faizdən 3 faizə yüksəldib. Eyni zamanda, 2024-cü il üçün proqnozlar isə dəyişməyərək 3 faiz səviyyəsində saxlanılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) “Qısamüddətli dayanıqlılıq, davamlı çağırışlar” başlığı ilə "Dünyanın İqtisadi Görüntüsü Hesabatı"nın 2023-cü ilin iyul buraxılışını dərc edib.

BVF bu il Türkiyə iqtisadiyyatının artım proqnozunu da 3 faizə qaldırıb.

Hesabatda, Covid-19 epidemiyası və Rusiyanın Ukraynaya təcavüzündən sonra qlobal bərpanın yavaşladığına diqqət çəkilərək, keçən ilki böyüməyə mane olan amillərin yenidən davam etdiyi qeyd edilib.

Hesabatda hələ də yüksək inflyasiyanın alıcılıq qabiliyyətini sarsıtmağa davam etdiyi qeyd edilib və mərkəzi bankların inflyasiyaya qarşı siyasətini sərtləşdirməsinin borclanma xərclərini artıraraq iqtisadi aktivliyi məhdudlaşdırdığı bildirilib.

Vurğulanıb ki, istehsal itkiləri, xüsusən də dünyanın ən yoxsul ölkələri üçün pandemiyadan əvvəlki proqnozlarla müqayisədə böyük olmaqda davam edir.