Bundesver (Almaniya Silahlı Qüvvələri) İsrailə təxminən 190 min avro dəyərində tibbi yardım paketi verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail dərmanların verilməsi xahişi ilə Bundesverə müraciət edib. Almaniya Müdafiə Nazirliyi artıq müvafiq sorğunu təsdiqləyib. Paket əsasən ilk tibbi yardımdan ibarətdir. Paketə o cümlədən 13 min dəst turniket, 10 min dəst kompres, min ədəd dekompressiya iynələri, 80 dəst infuziya inyeksiyaları və 2,5 min termal yorğan daxil edib.

Yardım paketinin ümumi dəyəri təxminən 189 min avro təşkil edir. Müdafiə Nazirliyinin məktubundan belə çıxır ki, İsrail xərcləri özü ödəmək niyyətindədir. 

Almaniya hökuməti Yaxın Şərq münaqişəsinin kəskinləşməsi fonunda artıq İsrailə hərbi dəstək vəd edib. Hazırda Almaniya Hərbi Hava Qüvvələri İsrail istehsalı olan iki "Heron" döyüş təyyarəsini bu ölkəyə təqdim edib.