İxracata qadağalar Azərbaycanın buğda idxalına da təsir edib.

Bunu dünya bazarlarında müşahidə edilən buğda çatışmazlığına münasibət bildirərkən Millət Vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Əvvəllər Hindistan buğda idxal etdiyimiz ölkələr sırasında deyildi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur.

Vüqar Bayramovun sözlərinə görə, bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb. Və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb. Ancaq ixracata qadağalar Azərbaycanın buğda idxalına da təsir edib.

O bildirib ki, belə ki, bu ilin ilk 4 ayında Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edilib. 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalının həcmi 15,7% azalıb. Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollarkən, bu ilin sözügedən dövrü üçün 341,7 dollar olub. Bu isə idxal olunan buğdanın qiyməti 34,2 % artıb.

Vüqar Bayramov Azərbaycanda yarana biləcək buğda çatışmazlığına da münasibət bildirərək "Dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib. Təbii ki, ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir.,"-deyə bildirib.fins