Britaniyanın "The Beatles" rok qrupunun üzvlərinin Yaponiyada konsert turu zamanı çəkdikləri rəsm “Christie's” hərrac evində 1,74 milyon dollara satılıb. 

İqtisadiyyat.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Abstrakt sənət üslubunda hazırlanmış rəsm məşhur qrupun üzvləri tərəfindən 1966-cı ilin yayında Tokioda konsertlər arasındakı fasilələr zamanı ənənəvi yapon vaşi kağızına çəkilib. Nəşrin məlumatına görə, o günlərdə təhlükəsizlik səbəbi ilə “The Beatles” üzvləri asudə vaxtlarında daim oteldə qalmağa məcbur olublar ki, bu da onları birlikdə şəkil çəkməyə sövq edib. Rəsmin üzərində rok qrupunun bütün üzvlərinin avtoqrafları da var.