"Bu ilin noyabr ayında təxminən 1 milyon ədəd müxtəlif meyvə tinglərini satışa çıxaracağıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Yevlax Pilot Aqropark"a təşkil olunan mediatur zaman “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, "İSFA" MMC-yə "Yevlax Pilot Aqropark" layihəsində 60 hektar torpaq sahəsi ayrılıb: "Bu 60 hektar ərazinin 50 hektarı meyvə bağları, 10 hektarı isə müxtəlif növ meyvə tinglərinin yetişdirilməsi üçün ayrılıb. Biz hazırda 50 hektar sahədə meyvə bağları qurmuşuq. Deməli, gilasın erkən yetişən çeşidləri - "Early Lory", "Early Burlat", "Early Bigi", "Premercan", alçanın yerli çeşid olan "Göyçə Soltan" və digər sortlarını, əriyin erkən yetişən çeşidləri - "Mikado", "Mogador", "Perifegred", şaftalı nektarının erkən yetişən çeşidləri " Divadona", "Zodiac", "Zumba", "Samanda", "Qardaryu" kimi çeşidlərini yetişdiririk".

S.Xeyirbəyov deyib ki, ərazi bağçılıq üçün ayrılmamışdan öncə 2021-ci ildə yarı şoranlaşmış bir sahə olub: "Bu sahə bizə dövlət tərəfindən ayrıldı. Həmin sahəyə dövlət tərəfindən su, işıq xətləri, yol çəkildi. Ondan sonra bizə təhvil verildi. 2022-ci ildən etibarən biz burada bağ qurduq. Boz torpaqdan, dağlardan ibarət bir sahəni yaşıllığa çevirmişik. Bizim bu sahəmizdə 14 nəfər daimi işə, təxminən 30-40 nəfər isə mövsümü işlərə cəlb olunub. Bağ sahəsindən əlavə 10 hektar ərazi tingçilik üçün ayrılıb. Bildiyiniz kimi, Azərbaycana tinglər indiyə qədər Avropadan və digər ölkələrdən gətirilirdi. Yollarda, daşınmalarda yaranan gecikmələr tingin keyfiyyətində bəzi problemlər yaradırdı. Biz "İSFA" MMC olaraq burada hazırda təxminən 1 milyon civarında ting yetişdiririk. 15 növ meyvə tinginin 150 çeşidini yetişdiririk. Bu çeşidlərə şaftalı, nektarin, ərik, gilas, alça, badam, alma, armud, püstə, qoz və digərləri daxildir. Yetişdirdiyimiz tinglərə sertifikat veririk. Həmçinin onlar analiz olunur və sağlamlıq haqqında arayış veririk. Bütün tinglərin keyfiyyətinə tam məsuliyyət daşıyırıq. Hazırda yaz calaq işləri gedir. Biz, əsasən, iki mövsümdə - payız və yaz calaq işlərini aparırıq. Keçən ilin sentyabr-oktyabr aylarında payız calaq işlərini görmüşük. İndi isə hazırda işçilərimiz yaz calağını vururlar".

Sadiq Cavadov