Bu gün nələr gözlənilir? 

İqtisadiyyat.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Ölkə üzrə 48 mindən çox şagird buraxılış imtahanı verəcək 

 

Bu gün Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilir ki, bu, bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Bu gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi ərazilərdə magistral avtomobil yollarının bəzi hissələrində arabir duman ilə əlaqədar olaraq görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Üçüncü "Yüksəliş" müsabiqəsinin ilk imtahanı bu gün keçiriləcək. Bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib. Onun sözlərinə görə, onlayn keçiriləcək imtahanda dünyagörüşünün yoxlanılması üçün verilən sualların 50 faizinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.

Azərbaycanın bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirinin ilk medalçıları sırasında olublar. Gənclərdən ibarət millinin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında gümüş medala layiq görülüblər. Qeyd edək ki, 14 ölkədən 119 gimnastın iştirak etdiyi turnir bu gün başa çatacaq.

Çinin müdafiə naziri Li Şanqfu bu gün Rusiyaya səfər edəcək. Səfər zamanı Li Şanqfunun Rusiya hərbi komandanlığı ilə danışıqlar aparacağı bildirilir. Bundan əlavə, Çin Müdafiə Nazirliyinin rəhbəri rusiyalı hərbçilərin hazırlanması üçün təhsil müəssisəsinə baş çəkməyi planlaşdırır.

Əlcəzairin Arzew limanından yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi "Tessala"nın bu gün Türkiyəyə çatması gözlənilir.