Bu gün nələr gözlənilir?

Bu gün bölgələr üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Bu gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Bu gün energetika naziri Pərviz Şahbazov Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 18/a) keçiriləcək.

Bu gün “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edəcək. Qəbul saat 10:00-dan başlayaraq şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) inzibati binasında növbəti “Açıq qapı” aksiyası bu gün saat 11:00-da başlayacaq. Aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (bloger) bu tədbirə dəvətlidir.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası bu gün Səmərqənddə keçiriləcək. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir. Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq

Son zamanların məşhur süni intellekt çatbotu ChatGPT-yə Çindən yeni rəqib gəlir. Çin texnologiya şirkəti Alibaba ChatGPT-yə bənzər süni intellekt texnologiyasını işə salacağını açıqlayıb. Süni intellektin Çin dilində olduğu kimi ingilis dilində də xidmət göstərə biləcəyi və ilk dəfə Alibaba tərəfindən iş yerlərində yazışmalar üçün yaradılan DingTalk adının tətbiqə inteqrasiya ediləcəyi açıqlanıb. Həmçinin Alibaba-nın baş direktoru Daniel Tsang qeyd edib ki, bu texnologiya insanların istehsal və işləmə tərzini, gündəlik həyatlarını çox dəyişəcək. Süni intellektin bu gün müştərilərə təqdim olunması planlaşdırılır.