İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Məhərrəm ayı başlayır. AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir.

Bu gün Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. Azərbaycan təmsilçisi səfərdəki ilk matçda 1:2 hesabı ilə qalib gəlib.

“Azəriqaz” İB-nin bu gün Kürdəmir rayonunda “Açıq mikrofon” aksiyası təşkil olunacaq. Heydər Əliyev Parkında baş tutacaq “səyyar qəbul otağı” saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu gün təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına və Əmanətlərin Sığortalanması Fonduna məxsus ümumilikdə 31 nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitlərinin istehsal tarixi 1998-2014-cü illəri əhatə edir. 

Avropa İttifaqı bu gün Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gələ bilər. Üzv ölkələrin Aİ-dəki səfirlərinin görüşündə, yəqin ki, sanksiyalar siyahısına yeni şəxslər və qurumlar əlavə ediləcək. Söhbət dezinformasiya fəaliyyətinə görə məsuliyyət daşıyan şəxslər və təşkilatlardan gedir. 

NATO Baş katibi Yens Stoltenberq bu gün Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşəcək. Görüş Brüsseldə baş tutacaq.

Moskva toplanışını başa vuran “Neftçi” bu gün Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu bu gün yoxlama matçında Yunanıstanın “Olimpiakos” klubuyla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00-da) Kematen stadionunda baş tutacaq.

“Qəbələ” isə bu gün Şimali Makedoniyanın “Qostivar” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.