Böyük Britaniyanın enerji şirkəti BP-nin bu ilin üçüncü rübündə mənfəəti ikinci rübə nisbətən 27% artaraq 3,3 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Məlumata görə, bu ilin ikinci rübündə şirkət 2,6 milyard dollar mənfəət əldə edib. Lakin BP-nin bu dövrdə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 60 % azalıb. Belə ki, şirkət ötən ilin eyni dövründə 8,1 milyard dollar mənfəət açıqlayıb.

Neft şirkətinin mənfəəti güclü neft ticarəti, yüksək qaz hasilatı və emal marjalarının artması səbəbindən kəskin yüksəlib. BP həmçinin üçüncü rübdə 1,5 milyard dollarlıq səhmlərini geri alıb.

Neft nəhəngi bu ilin 9 ayında 10,8 milyard dollar mənfəət əldə edib. 2022-ci ilin eyni dövründə şirkətin mənfəəti 22,8 milyard dollar olub.

 

Gözəl Həşimova