"Barselona"nın gənclər komandasında qol rekordları qırdıqdan sonra futbol dünyasında iz qoyması gözlənilən, lakin gözlənilən irəliləyişə nail ola bilməyən Bojan Krkic Rakuten TV-də onun üçün hazırlanan sənədli filmdə diqqətçəkən açıqlamalar verib.

İqtisadiyyat.az xəbər verir ki, hazırda "Barselona" akademiyasının koordinatoru olan Krkic gənclərin hər şeyi dərhal istədiyini deyib.

“15 yaşlı uşaq artıq ehtiyat komanda ilə, 16 yaşlı isə əsas komanda ilə məşq etmək istəyir.

 Nə Messi, nə Kriştiano, nə də Rafael Nadal adi insanlar deyil. Bu adlar qeyri-adi olduğu üçün gənclərə örnək ola bilməz. Uğur onlar kimi olmaq deyil.

 Bu, yalnız çox məhdud bir neçə insanın bacara biləcəyi bir şeydir. Mənim üçün Serxio Kanales uğurlu idmançıdır, çünki o, üç dəfə dizini zədələdikdən sonra milli komandaya seçilmişdi. Xoselu 33 yaşında "Real Madrid"ə gəlməyi bacarıb. Bunlar əsl uğur hekayələridir. Bu halları nümunə kimi götürməliyik”.

Krkic Yaponiyada "Vissel Kobe"nin heyətində 1 mövsüm oynadıqdan sonra, 2023-cü ilin martında karyerasını bitirmişdi.