BMT-nin baş katibi Antonio Quterreş Aleksey Navalnının ölümü ilə bağlı tam və şəffaf təhqiqatın aparılmasına çağırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

"Baş katib müxalifət Rusiya lideri Aleksey Navalnının həbsdə ölməsi ilə bağlı xəbərlərdən şoka düşüb. Baş katib Navalnının ailəsinə başsağlığı verir və Navalnının ölüm şəraitinin tam, etibarlı və şəffaf araşdırılmasına çağırır", - o deyib.

Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Dairəsi üzrə Departamenti Aleksey Navalnının koloniyada ölməsi barədə məlumat yayıb. İdarənin məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal məhbusa kömək etməyə başlayıb, ancaq onu xilas etmək mümkün olmayıb.