ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi imkanlarını Çin və Hindistanın xarici işlər nazirləri Vanq Yi və Subrahmanyam Caişankarla müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə New York Times (NYT) qəzeti yazır.

Nəşrin məlumatına görə, Blinken Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edib ki, Çin və Hindistan liderləri Si Tsinpin və Narendra Modi Rusiyanı "fəlakətə çevrilə biləcək" addımdan geri çəkməlidirlər.

ABŞ dövlət katibi iki ölkənin xarici işlər nazirləri ilə görüşdə kosmosda baş verən istənilən nüvə partlayışının təkcə Amerikanın deyil, həm də Çin və Hindistanın peyklərini məhv edəcəyini vurğulayıb.

Fevralın 17-də Amerika mediası yazıb ki, Qərb ölkələri Rusiyanı çoxlu sayda kommersiya və hökumət peyklərini sıradan çıxara biləcək nüvə kosmik silahları hazırlamaqda şübhəli bilirlər.

Mütəxəssislər belə bir silahın Starlink kimi kiçik peyklərin böyük qruplarını məhv edə biləcəyini bəyan ediblər.