Belarus təhlükəsizlik qüvvələrinin Ukrayna ilə sərhəddə keçirdiyi əməliyyat zamanı təxribat-kəşfiyyat qrupunun üzvləri saxlanılıb, onlardan partlayıcı qurğular və digər məhvetmə vasitələri aşkar edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BelTA agentliyi Belarus Dövlət Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.

Kəşfiyyat xidməti dəqiqləşdirib ki, fevralın 15-nə keçən gecə Lelçitsi rayonunda bir qrup Ukrayna tərəfdən dövlət sərhədini pozub. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb, sərhəd zonasında keçirilən əməliyyat nəticəsində Ukrayna, Belarus vətəndaşlarından ibarət diversiya-kəşfiyyat qrupunun üzvləri və onların əlbirləri saxlanılıb.

Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü Ukrayna-Belarus sərhədində Lelçitsi rayonunda diversantların saxlanıldığını açıqlayıb. O bildirib ki, diversantlar Rusiya Federasiyası və Belarus ərazilərində təxribat məqsədilə partlayıcılar daşıyıblar.