Bu gün AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, toplantıda millinin baş məşqçisi Canni De Byazi ilə yolların ayrılması qərara alınıb.

İclasdan sonra AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırdı:

- Məlum olduğu kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi və gündəlikdə yalnız bir məsələ var idi. İlk növbədə baş məşqçinin hesabatı dinlənildi və millinin gələcək taleyi üçün müzakirələr aparıldı. İclasda baş məşqçi iştirak etdi, qısa olaraq nəticələr barədə məlumat verdi. Daha sonra öz xahişi ilə müqavilənin uzadılmamasını istədi. De Byazini dinlədikdən sonra İcraiyyə Komitəsi müzakirələr apardı. Baş məşqçinin son 3 ildə əldə etdiyi nəticələr nəzərə alınmaqla İcraiyyə Komitəsinin üzvləri tərəfindən də müqavilənin uzadılmaması qəbul olundu.

- De Byazi bu xahişi etməsə idi, İK müqavilənin uzadılmasını düşünülürdü?

- Hazırda bu suala cavab vermək çətindir. Çünki belə olmasaydı, hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi. Məhz buna görə də ilk növbədə baş məşqçinin hesabatı dinlənildi və özü tərəfindən belə xahiş olundu. Belə xahiş olmasaydı, İcraiyyə Komitəsi hansı qərarı verərdi, onu demək bir az çətindir.

- Hamı gözləyirdi De Byazini İcraiyyə Komitəsi istefaya göndərəcək, amma belə çıxır ki, məşqçi komandadan özü ayrılmaq istəyib?

- Məşqçinin öz fikrini bildirməsinə baxmayaraq, İcraiyyə Komitəsi müəyyən müzakirələr apardı və sonda qeyd etdiyim kimi, nəticələr də nəzərə alınmaqla belə qərara gəlindi ki, müqavilənin uzadılmaması ən düzgün addımdır.

- De Byazi iclas başladıqdan 10 dəqiqə sonra toplantını tərk etdi, amma müzakirələr 1 saatdan çox davam etdi. Ondan sonra nələr müzakirə edildi? Gələcəklə bağlı hansı qərarlar verildi?

- Gələcəklə bağlı xüsusi işçi qrupu yaradılacaq. İşçi qrupunda həm İcraiyyə Komitəsinin üzvləri, həmçinin də kənardan şəxslər təmsil olunacaq. Həmin qrup tərəfindən yeni məşqçi ilə bağlı müəyyən təkliflər veriləcək. Daha sonra hər bir detal nəzərə alınmaqla təkliflər İcraiyyə Komitəsi tərəfindən müzakirəyə çıxarılacaq və qərar veriləcək.

- İllərdir Azərbaycana əcnəbi məşqçi başçılıq edir və nəticələr yoxdur. Milli komandaya yerli məşqçinin təyinatı ilə bağlı müzakirələr oldu?

- İclasda müxtəlif fikirlər səslənirdi. Siz qeyd etdiyiniz məsələ ilə bağlı müəyyən interpretasiyada müzakirələr aparılırdı. Bu fikrə uyğun məsələlər səsləndi və müzakirə edildi.

- Millətlər Liqasına hələ zaman var. Necə düşmüsünüz, baş məşqçi təyinatı nə vaxt bilinəcək?

- Martda yoldaşlıq oyunlarımız olacaq. Məqsədəuyğun olar ki, bu oyunlarda millinin baş məşqçisi olsun.

- Yanvara qədər təyinatın olması mümkündür?

- Bəli. Amma bu 100 faizlik ehtimal deyil.

- İşçi qrupunun yaradılmasını qeyd etdiyiniz, amma tərkib məlum deyil. Yeni baş məşqçi seçilərkən hansı kriteriyalar götürüləcək?

- Bunu qeyd edə bilərəm ki, əsas kriteriyalardan biri mentalitetə uyğun, onu tanıyan, daha çox yerli mədəniyyətə uyğun olmasının ehtimalı böyükdür.

- O zaman belə başa düşə bilinərmi ki, yerli baş məşqçi olacaq?

- Bu dəqiqə 100 faiz nəsə demək çətindi, amma yeni baş məşqçinin yerli olmaq ehtimalı da az deyil.

- De Byazinin jurnalistlərə dediyi sözlərə görə İcraiyyə Komitəsi tərəfindən hər hansısa, qınaq oldu?

- Bəli, bu məsələ müzakirə olundu. Belə halların olması birmənalı şəkildə pisləndi.

- De Byazi bildirir ki, yığma 3 il ərzində inkişaf edib. İcraiyyə Komitəsi bu haqda nə düşünür?

- De Byazi dinlənildikdən sonra müzakirələr aparıldı və müqavilənin uzadılması ilə bağlı qərar çıxdıqda nəticələr nəzərə alınmışdı.