Özbəkistan və Azərbaycanı eyni soy kökü birləşdirir. Ortaq adət-ənənə, ortaq mədəniyyət, musiqilərin bənzərliyi, dilin oxşarlığı və s. Mədəniyyətdən söz düşmüşkən, Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı özbəkistanlı musiqiçilərlə ünsiyyəti diqqət çəkmişdi. Orada bir məsələ xüsusilə vurğulanmışdı ki, “biz tərcüməçisiz bir-birimizi anlayırıq”. Bu isə ümumi iki ölkənin tərəfdaşlığı istiqamətində anlaşmalarda böyük rol oynayır.

Ötən il Azərbaycan Prezidenti Özbəkistana səfərlər etmişdi. Səfərin proqramı olduqca geniş idi. Mədəniyyət abidələri ilə tanışlıqdan başlayaraq texnologiyalar parkına qədər ziyarət növbəti inkişaf strategiyasının başlanmasına işarə idi. Ötən ilin iyununda prezidentin Özbəkistana rəsmi səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatında iştirak üçün həmin ölkəyə səfəri, noyabr ayında isə Səmərqənddə Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə Görüşündə iştirakı Özbəkistanla əlaqələrə necə önəm verildiyini göstərir. 

Şavkat Mirziyoyevin bu il yenidən növbəti müddətə Özbəkistan Prezidenti seçilməsi Azərbaycanla əlaqələrə daha da müsbət təsir göstərməkdədir. Bu il ərzində, mart ayında Prezident Şavkat Mirziyoyevin Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Zirvə Toplantısına qatılması, avqust ayında rəsmi səfəri iki ölkə başçılarının əlaqələri daha irəliyə aparmaq əzminin göstəricisidir.

Bu səfərlər iki dövlət arasında səyahətlərə də təsir göstərir. Bakıdan Özbəkistanın bir neçə şəhərinə uçuşlar həyata keçirilir. Reyslərin sayı da artır. Bu cür nəqliyyat əlaqələrinin inkişafı prezidentlər Şavkat Mirziyoyevlə İlham Əliyev arasında Bakıda müzakirə olundu. Vizasız gediş-gəliş haqqında Sazişə əlavə və dəyişikliklər turizm sahəsində təkana səbəb olacaq.

Bundan başqa Azərbaycan və Özbəkistan energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq, bank sahəsində işbirliyi, gənclər siyasəti və idman sahələrində əməkdaşlıq, media sahəsində əməkdaşlığın inkişafına dair fəaliyyət, hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi üzrə razılığa gəldilər. 

Ən üstün məqam isə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalaması idi. Bu artıq iki ölkə arasında gələcək planların necə nəhəng ola biləcəyinin göstəricisidir. 

Özbəkistan həm də Qarabağ münaqişəsi olduğu zamandan ölkənin ərazi bütövlüyünü dəstəkləyib. Torpaqların azad olunmasından sonra Füzulidə məktəb tikintisini Özbəkistan höküməti öz üzərinə götürüb. Bu həm də siyasi ümumibaxışın göstəricisidir.

Ümumi mənzərə onu deməyə əsas verir ki, ölkələr arasında diplomatik münasibətlərinin 1995-ci ildən qurulmasından sonra görülən işlər Azərbaycanla Özbəkistanı strateji qardaş tərəfdaşa çevirib.

Samir Cabbarov