Ölkədə bank kreditlərinin faiz göstəricilərinin yüksək olması heç kimə sirr deyil. Vətəndaşlar bu mövzuda banklardan narazıdır. Mövzu mediada demək olar ki, mütəmadi olaraq gündəmə gəlir. Lakin dəyişən bir şey yoxdur. Hazırda cari ilin ilk yarısını geridə qoymuşuq. İrəlidə kredit faizlərinin aşağı salınması ehtimalı varmı?

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran bank mütəxəssisi Əkrəm Həsənov səbəbi risklərlə əlaqələndirib: “Bu, kredit riski və maliyyə mənbələrinin baha olması ilə əlaqədardır. Kredit riski dedikdə, verilən kreditin qaytarılmaması ehtimalının böyük olması, yaxud qaytarılmasında problemlərin yaranması nəzərdə tutulur. Digər faktor isə maliyyə mənbələrinin baha olmasıdır. Yəni banklar əsasən iki mənbədən maliyyələşir. Bu müştərilərin əmanətləri və Mərkəzi Bankın verdiyi kreditlərdir”.

Mütəxəssislərin sözlərinə görə, depozit faizlərinin yüksək olması kredit faizlərinin də böyük olmasına təsir göstərir. 

 

 

İqtisadçı Xalid Kərimli isə kredit faizlərinin yüksək olmasını iki səbəblə əlaqələndirib: “Ölkədə inflyasiya prosesi yüksəkdir. Bilirsiniz ki, Mərkəzi Bank son iki ildir bahalı pul siyasəti həyata keçirir. Pulun faiz dərəcəsini artırır ki, manata maraq artsın. Manatın qiyməti artsın ki, qiymət səviyyəsini stabilləşdirmək mümkün olsun. İkincisi isə, manatın əsas mənbəyi olan əmanətlər baha olaraq toplanır”.

 

 

Bu gün Azərbaycanda əmanətlərin sığortalanması faizi 12% təşkil edir. Bank mütəxəssisi Əkrəm Həsənovun fikrincə, kredit faizinin yüksək olması həm də buna görədir: “Yəni əmanət 12 faizdən qoyulursa, təbii ki, kredit faizi də artır. Bəzən bizi Qərb ölkələri ilə, Avropa ilə müqayisə edəndə kredit üzərindən müqayisə aparıb narazı olurlar. Lakin əmanətlə bağlı müqayisə aparmaq istəmirlər. Halbuki əmanət faizləri Avropada bir iki faizdir”.

Azərbaycanda yaxın və ya orta perspektivdə kredit faizlərinin azaldılması mümkündürmü? İqtisadçı Xalid Kərimlidən bu suala ümidverici cavab ala bilmədik: “Azərbaycanda hələ uzun müddət yüksək faizləri müşahidə edəcəyik. Doğrudur, faiz dərəcələrində illər üzrə müəyyən artım və azalmalar müşahidə olunur. Amma bu göstəricilərin Amerika və Avropadakı kimi təkrəqəmli, məsələn, 3-5 faiz olması kimi ehtimalı biz hələ yaxın müddətdə müşahidə etməyəcəyik. Bir daha qeyd edirəm, bunun da əsas səbəbi manatla bağlı, iqtisadiyyatla bağlı olan risklər və bankirlərin daha ucuz pul tapa bilməməsidir”.

X.Kərimli faizlərin süni şəkildə azaldıla bilməsi ehtimalına isə müsbət yanaşmır: “Faiz dərəcələrinin süni şəkildə aşağı salınması əksinə, ciddi maliyyə qeyri sabitliyinə gətirib çıxara bilər və vətəndaşlar bunun daha ağır nəticələri ilə qarşılaşa bilərlər. Söhbət devalvasiya kimi makroiqtisadi nəticədən gedir. Minimum isə qeyri maliyyə sabitliyi müşahidə oluna bilər”. 

Millət vəkili Fazil Mustafa da mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandırıb: “Yaxın gələcəkdə kredit faizlərinin azalması ehtimalı yoxdur. Əgər biz doğrudan da iş həyatının canlanmasını, sahibkarlığın inkişafını istəyiriksə, bu sahədə mütləq yeni tənzimləmələrə və cəsarətli addımlara ehtiyac var”.

 

 

Mütəxəssilərin sözlərinə görə, bu gün Azərbaycanda bankların əhaliyə verdiyi kreditlərin həcmi təqribən 15 milyard manata yaxındır. Bu kreditlərin də  təqribən 9 milyard manatı əmanətlər hesabına formalaşıb. Qalan məbləğ isə bankların öz sərmayələri, cüzi miqdarı isə Mərkəzi Bankın özəl banklara kredit üçün ayrıdığı vəsaitdir.