Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 470,656 milyon manat sığorta haqqı toplanılıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,3% çoxdur.

Ötən 6 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 42,7% artaraq 178,289 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 177,824 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34,2% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 12,4% artaraq 50,208 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-iyun aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 35,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35,8 manatdan 28,2 manata düşüb.