"Azərbaycan və Ermənistanın ortaq açıqlaması sülh sazişinin imzalanmasına etimadı artırır".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması regionda sülhün təminatı baxımından əhəmiyyətli addımdır: "Çünki bu anlaşma üçüncü tərəflərin iştirakı olmadan baş tutub və buna görə də çox əhəmiyyətlidir. Sülh danışıqları və ya münasibətlərin qurulmasında üçüncü tərəflər iştirak edərkən öz maraqlarını da qabardırlar. Nəticədə razılaşmada müəyyən problemlər yaranır. Bu baxımdan ən unikal format birbaşa ikitərəfli danışıqların aparılmasıdır. Hansı ki, Azərbaycan məhz bu formatı daima dəstəkləyib. Bundan əvvəllər Ermənistan belə bir formata yaxınlıq göstərməyə çalışsa da, son dövrlər prosesdən uzaqlaşmışdı və xüsusən də üçüncü tərəflərin iştirakına can atıb. Ona görə də sülh sazişinin imzalanması məsələsi də çox uzadıldı".

Azərbaycan və Ermənistanın birgə açıqlaması tərəflərin gələcək münasibətinə necə təsir edəcək?

A.Nərimanlının sözlərinə görə, bundan sonrakı dövrdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması gözlənilir. Birgə açıqlama onu göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda problemləri həll edərək üçüncü tərəfin iştirakı olmadan sülh sazişini imzalaya bilər:

"Burada ən önəmli məsələlərdən biri əsirlərin qaytarılması məsələsidir. Azərbaycan Ermənistana 32, Ermənistan isə Azərbaycana iki əsiri qaytarır. Əsirlərimizin qaytarılması olduqca əhəmiyyətli hadisədir. Onu da nəzərə almaq lazımdır ki, ötən gün Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyib. Azərbaycan tərəfi isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini açıqlayıb. Bu gedişat tərəflərin beynəlxalq aləmdə bir-birini dəstəklədiyinin əlamətidir. Ortada xoş niyyət və hər iki tərəf üçün siyasi iradə mövcuddur. Bu, Cənubi Qafqazda sülhün bərqərar olması baxımından vacib addımdır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

 

Gülşən Şərif