İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən tədbir və müzakirələr Bolqarıstanla əlaqələrin möhkəmləndirilməsinə münbit zəmin yaradıb.

Qeyd edilib ki, Bolqarıstanla iqtisadi-ticarət əlaqələri güclənir. 2024-cü ilin yanvar-may aylarında bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 78%-dən çox artaraq 240 mln. dollardan çox olub. Sərmayə tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var. Azərbaycanda sənaye, tikinti, ticarət və xidmət sahələrində Bolqarıstan şirkətləri fəaliyyət göstərir.

Bildirilib ki, Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycanın Bolqarıstanla da energetika əməkdaşlığının gücləndirilməsi üçün imkanlar genişdir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, enerji, ticarət və sənaye sahələrində sıx işbirliyi qurulması imkanlarını nəzərdən keçiriblər.

***

17:47

Azərbaycan və Bolqarıstan arasında energetika, ticarət və sənaye sahələrində əməkdaşlıq potensialı müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə Azərbaycan və Bolqarıstanın iqtisadi əlaqələrinin inkişaf istiqamətlərini nəzərdən keçirdik. Energetika, ticarət və sənaye sahələrində sıx əməkdaşlıq potensialının reallaşdırılması məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.