Yay mövsümü ilə əlaqədar turizm sektorunda canlanma müşahidə olunur. Artıq bir müddətdir ki, yerli turistik zonalar aktiv fəaliyyətə başlayıb. Beləliklə, ölkəmizin turizm mərkəzləri gücləndirilmiş iş rejiminə keçib. Bəs, daha səmərəli və keyfiyyət baxımından hansı bölgələr yay tətili üçün daha münasibdir?

Turizm üzrə ekspert Rəhman Quliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yerli turistlər xüsusən regionlara üz tuturlar.

Onun sözlərinə görə, digər rayonlarla yanaşı işğaldan azad olunmuş ərazilərə də tələbat çoxdur: “Artıq həmin bölgələrə avtobus turları təşkil olunur. Vətəndaşlar https://yolumuzqarabaga.az/ portalından keçib Laçın istiqamətində də rahat şəkildə gedib-gələ bilərlər. Amma son zamanlar bölgələrdə yağan intensiv yağışlar müəyyən qədər çətinliklər yaratdı”.

R.Quliyev vurğulayıb ki, bu gün qiymət və xidmət baxımından xaricə səyahətdənsə yenə də öz bölgələrimiz daha üstündür: “Bununla bərabər, Azərbaycanın hüdudlarından kənara da böyük tələbat var. Xüsusən də qardaş Türkiyəyə daha çox üstünlük verilir. Antalya, Bodrum, Kəmər, Bələk - bu istiqamətlərdə xüsusi konseptlə çalışan hotellərin xidmət səviyyəsi yüksək olduğundan tələbat çoxdur. Ümumi olaraq digər ölkələrə nisbətən Türkiyə daha öndədir. Bununla yanaşı, Avropa ölkələrindən Monteneqro, Yunanıstan, İspaniya, İtaliya da vətəndaşların üstünlük verdiyi ölkələrdəndir”.

Mütəxəssis bildirib ki, yay tətili günlərində Quba-Qusar bölgəsində 4 ulduzlu hotellərin qiyməti həftəiçi 100-150 manatdır, həftəsonları isə xidmətlər 20-25% baha olur: “5 ulduzlu hotellərdə isə qiymətlər 150-250 manat arasında dəyişir. Həftəsonları bəzi hotellər qiymətləri qaldırır. Şəki, Zaqatala, Qax, Balakən bölgəsində yol məsafəsinə görə qiymətlər nisbətən ucuzdur. Orada 4 ulduzlu hotellər 2 nəfər üçün səhər yeməyi də daxil olmaqla bir gecəlik 80-120 manat arasında dəyişir. 5 ulduzlu hotellər isə 150-200 manata təklif olunur. İki nəfərlik üçün nəzərdə tutulan bu qiymətə gecə qalmaq, səhər yeməyi və hotelin SPA mərkəzindən istifadə daxildir”.

Şuşada nisbətən hotellərin baha olduğunu deyən ekspert bildirib ki, burada mütəmadi tədbirlərin keçirilməsi hotellərdə böyük sıxlıq yaradır: “Hotel sayı da az olduğuna görə yer məhdudiyyəti var və qiymətlər təxminən 250-350 manat arasında dəyişir. Laçında isə qiymətlər nisbətən ucuzdur. Orada kotec tipli müəyyən hotellərin iki nəfərlik, səhər yeməyi daxil olmadan günlük qiyməti 80-100 manata başa gəlir”.

“Ümumi olaraq yay tətili günlərində hər il olduğu kimi ənənəvi olaraq müxtəlif istiqamətlərə gedilir. Hesab edirəm ki, vətəndaşların gələcəkdə yerli turizmə daha çox üstünlük vermələri üçün xüsusi bir proqram hazırlamaq lazımdır. Çünki ölkəmizin füsunkar təbiəti var. Kəlbəcər, Laçın, Şuşa, eləcə də işğaldan azad olunmuş digər torpaqlarımızda böyük turizm potensialı mövcuddur və yerli sakinlərimiz gələcəkdə bundan rahat şəkildə faydalana biləcəklər”, - R.Quliyev əlavə edib.

 

Sadiq Cavadov