Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

"Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı", - o qeyd edib.

H.Hacıyevin sözlərinə görə, sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır. Fikrimizcə, sülh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır. 

"Sülh sazişi ilə sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlar paralel getsə də, bunlar iki fərqli formatda aparılır. İndiyədək hər iki ölkənin delimitasiya üzrə komissiyaları prosesin əsaslarını müzakirə etmək üçün beş dəfə görüş keçirib. Sonuncu görüş bu ilin noyabrında Azərbaycan-Ermənistan sərhədində baş tutub. Bu görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinə dair razılaşdırma işinə başlanılması və komissiyalar arasında görüşlərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Biz bu razılaşmanı da müsbət əlamət kimi qiymətləndiririk, ən azı ona görə ki, bu, ikitərəfli formatda əldə olunub", - o əlavə edib.