"Cari il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə 134 milyon 944 min manat məbləğində vurulmuş maddi ziyandan 52 milyon 40 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 861 min manat vəsaitin ödənilməsinə nail olunmuş, eləcə də 21 milyon 42 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmuşdur". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bildirib. 

"Görülmüş işlərlə yanaşı, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üçün ötən illərdən bağlı qalan cinayət işləri üzrə təqsirli şəxslərin müəyyənləşdirilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi, istintaq taktikası və metodikasının, kriminalistikanın müasir elmi-texniki nailiyyətlərindən daha səmərəli istifadə olunmasının təmin edilməsi, eləcə də artım tendensiyası qeydə alınmış cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi qarşıda duran vəzifələrdəndir", - Baş prokuror qeyd edib.