Azərbaycanın energetika naziri Pərviz Şahbazov Braziliyada Böyük Britaniya ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində “yaşıl tərəfdaşlıq” müzakirə edib.

İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin “Enerji Təhlükəsizliyi və Xalis Sıfır” departamentində dövlət katibinin müavini Keri Makkarti ilə görüşdə isə ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli strateji tərəfdaşlığın “yaşıl enerji”, dekarbonizasiya istiqamətləri ilə şaxələnən inkişafından məmnunluq ifadə edilib. Bu xüsusda, təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirildiyi vurğulanıb. Azərbaycanın neft-qaz sənayesinin karbonsuzlaşdırılmasında bp ilə icra olunan “Şəfəq” layihəsinin əhəmiyyətindən bəhs olunub.

Görüşdə COP29-un “yaşıl enerji zonası və dəhliz”lər, elektrik şəbəkələrinin gücləndirilməsi və enerji saxlama imkanlarının artırılması, hidrogenin inkişafı üzrə enerji təşəbbüslərindən də danışılıb. Böyük Britaniya enerjiyə keçid məqsədinə çatmağa imkan yaradan bu təşəbbüslərə qoşulmağa dəvət edilib. “Enerji günü”ndə keçirilən tədbirlərdə iştirakla yanaşı COP-un iqlim və “yaşıl enerji keçidi” ilə bağlı hədəflərini irəli aparmaq üçün zəruri olan maliyyələşmə məsələsi, həmçinin Böyük Britaniya ilə potensial təşəbbüslər üzrə əməkdaşlıq imkanları da müzakirə edilib.