“Macarıstanın Rusiyadan enerji alması ilə yanaşı, yeni enerji mənbələrini axtarmağa məcbur olduğu hazırkı şəraitdə idxalını şaxələndirməsi və Azərbaycanın Mərkəzi Avropa regionunu enerji ilə təchiz etməsi əsas məqsəddir”.

Bunu İqtisadiyyat.az-a Macarıstan Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş məsləhətçisi, professor Laszlo Vasa deyib.

Onun sözlərinə görə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Mərkəzi Avropa ilə Azərbaycan arasında əsas layihələrdən biri kimi aktivdir: “Yaşıl Enerji Dəhlizinin təminatı daha çoxdur, enerjilər yaşıl mənbələrdən əldə edildiyi üçün dəyərlidir. Bu baxımdan dəhliz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir. “Yaşıl enerji” texnologiyalarının təşviqi və inkişafı Bakının iqtisadi inkişaf strategiyasına uyğundur. Ölkə neft və qaz ixracının azalacağı dövrlərdəki dəyişikliklərə hazırlaşır. Bundan əlavə, “yaşıl enerji” istehsalı ölkəyə gəlir gətirmək və daha yaxşı həyat keyfiyyətinin təmininə töhfə verməklə, Azərbaycanın davamlı inkişaf məqsədlərinə dəstək verəcək”. 

Qeyd edək ki, Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya istiqamət götürən “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi dənizdə küləkdən istehsal edilən elektrik enerjisinin Avropaya çatdırılmasına imkan verəcək. Layihənin texniki-iqtisadi əsaslandırılmasını İtaliyanın CESİ şirkəti həyata keçirir. 

Azərbaycanın “yaşıl” enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioener¬ji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.